USAID, OSCE support Azerbaijan in combating human trafficking
BAKI, 20 noyabr 2014-cü il - Bu gün Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Bakı Layihə Əlaqələndiricisi Azərbaycanda insan alveri ilə mübarizə sahəsində əməkdaşlıq etmək və bu mübarizəni dəstəkləmək məqsədilə Bəyannamə imzalayıb. Bəyannaməni ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan və ATƏT-in Bakı Layihə Əlaqələndiricisi, Səfir Aleksis Şahtaxtinski imzalayıb.
USAID insan alveri və məcburi əməyin qarşısının alınması, eləcə də bu hallarla mübarizədə ölkənin səmərəliliyinin artırılması məqsədilə ATƏT-in Azərbaycan hökumətinə və vətəndaş cəmiyyətinə köməklik səylərini dəstəkləyəcək. Görüləcək işlərin əsas məqsədi insan alveri üzrə ictimai maarifləndirməni artırmaq, habelə insan alveri və məcburi əməyin qadın, kişi və uşaq qurbanları üçün nəzərdə tutulmuş sığınacaqları idarə edən vətəndaş cəmiyyəti təşkilatlarına texniki yardım və maliyyə köməkliyi göstərməkdir. Bundan başqa, layihə dəyirmi masa müzakirələrinin təşkili və hökumət üçün tövsiyələrin hazırlanması yolu ilə, əmək istismarı məqsədləri ilə də daxil olmaqla, insan alverinin bütün formalarının qarşısı alınması sahəsində çoxtərəfli əlaqələndirmə və əməkdaşlığı genişləndirəcək.
“Bu gün imzaladığımız bəyannamə Amerika Birləşmiş Ştatlarının USAID vasitəsilə bizim Azərbaycan tərəfdaşlarımızın insan alveri ilə mübarizə səylərinə köməklik göstərməkdə qərarlı olduğunu vurğulayır”, Derek Hoqan bildirib. O, həmçinin əlavə edib ki, ABŞ hökuməti Azərbaycan hökuməti və vətəndaş cəmiyyəti təşkilatları da daxil olmaqla digər tərəfdaşlarla əlaqələndirmə və əməkdaşlıq şəraitində bu səyləri davam etdirəcək və genişlədirəcək.
Aleksis Şahtaxtinski: “ATƏT-in Bakı Layihə Əlaqələndiricisinin təşəbbüs etdiyi layihəyə USAID və ABŞ hökumətinin göstərdiyi büdcədənkənar töhfə sayəsində, biz Azərbaycan hökumətinin insan alveri ilə mübarizə sahəsində, eləcə də bu yöndə ATƏT və digər öhdəliklərin daha yaxşı yerinə yetirmək səylərinə dəstəyimizi əhəmiyyətli dərəcədə artıra biləcəyik. Bu layihə Azərbaycan hökuməti tərəfindən 2014-cü ilin iyun ayında təsdiq olunub və müasir köləliyin bu formasının 21-ci əsrdə yer almaması üçün səylərimizi birləşdirmək çox vacibdir. Bu qlobal problemin hər yerdə səmərəli qarşısı alındığı halda, biz uğura nail ola bilərik. Buna görə, ATƏT, ABŞ hökuməti və Azərbaycan Respublikasının bu sahədə birgə çalışması çox vacibdir.”
USAID haqqında daha geniş məlumat üçün, USAID-in İctimaiyyətlə əlaqələr üzrə əməkdaşı Vüqar Nağıyev ilə, email vasitəsilə (vnaghiyev@usaid.gov), və ya telefonla (+994 12) 498 18 35 əlaqə saxlamağınız xahiş olunur.
ATƏT haqqında daha geniş məlumat üçün, ATƏT-in Mətbuat və İnformasiya Xidmətinin rəhbəri Rəşad Hüseynov ilə, email vasitəsilə (rashad.huseynov@osce.org), və ya telefonla (+994 12) 497 23 73 əlaqə saxlamağınız xahiş olunur.