ATƏT-in Xüsusi Nümayəndəsi Azərbaycanın insan alveri ilə mübarizə istiqamətindəki səylərini yüksək qiymətləndirir
Bakı, 13 Mart 2015-ci il - ATƏT-in İnsan Alveri ilə Mübarizə üzrə Xüsusi Nümayəndəsi və Əlaqələndiricisi, Səfir Mədinə Jarbussinova insan alveri ilə mübarizə istiqamətində hökumətin göstərdiyi səyləri təqdir etdiyini bildirib.
Səfir Jarbussinovanın Azərbaycana dörd günlük səfərinin məqsədi ATƏT nümayəndələrinin 2012-ci ildə Azərbaycana səfərindən sonra hazırladığı rəsmi hesabatda əksini tapan tövsiyələrin Azərbaycan hökuməti tərəfindən yerinə yetirilməsinin qiymətləndirilməsi olub.
Səfir Mədinə Jarbussinova: “Hökumətin bu sahədə göstərdiyi səyləri təqdir edirəm. İnsan alveri qarşı tədbirlərin təkmilləşdirilməsinə dair qanunvericiliyə edilən son dəyişiklikləri də xüsusilə vurğulamaq istərdim.”
Qanunvericiliyə edilmiş əsas iki dəyişiklik insan alveri, habelə məcburi əməyin cinayət əməli kimi qeyd edilməsi, eləcə də insan alveri qurbanlarının repatriasiyasına dair qaydaların qəbulu ilə bağlıdır.
Azərbaycanın inkişaf etməkdə olan iqtisadiyyatı onu əməkçi miqrantlar üçün daha da cəlbedici məkana çevirib. Buna görə də ölkə hazırda işçi miqrantların istismarının qarşısının alınması və onunla mübarizə kimi problemlərə üzləşir. Bura hüquqi tənzimləmə və icra mexanizmlərinin mürəkkəb və davamlı olaraq dəyişən reallığa uyğunlaşdırmaq daxildir. ATƏT-in Bakı Layihə Əlaqələndiricisi bu sahədə hökumətlə uğurlu əməkdaşlıq edir, insan alveri ilə mübarizəyə dair hökumət və vətəndaş cəmiyyəti institutlarının səylərinə önəmli dəstəyini davam etdirəcək.
Səfir Jarbussinova: “Nümayəndəliyim tərəfindən 2002-cildə verilən tövsiyələr əsasında, əməyin istismarının qarşısının alınması ilə bağlı bir çox faəliyyətlər həyata keçirilib. Mən, dövlət qurumlarını bu fəaliyyəti davam etdirərək, riskli sahələrdə, o cümlədən tikinti sektorunda, xəbərdarlıq etmədən yoxlamalar aparmağa çağırıram.” O, Azərbaycanın insan alveri ilə mübarizəyə dair qəbul etdiyi sonuncu Fəaliyyət Planında əməyin istismarı ilə mübarizə tədbirlərinə böyük diqqət ayrıldığından məmnun qaldığını qeyd edib.
Jarbussinova Bakı və ətraf ərazilərdə yerləşən insan alveri qurbanları üçün sığınacaqları da ziyarət edib. O, həmçinin ölkənin ikinci iri şəhəri olan Gəncədə yeni Mərkəzin açılışını alqışlayıb. Həqiqətən də, qurbanların müdafiəsi və cəza almaması ilə yanaşı qurbanlara yardım göstərilməsi müasir dövrün köləliyi olan insan alverinin aradan qaldırılması istiqamətində kompleks səylərin əsas elementidir.
Səfər zamanı, Jarbussinova Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümov, Daxili İşlər Nazirinin Müavini, İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Əlaqələndirici Vilayət Eyvazov, Xarici İşlər Nazirinin Müavini Mahmud Məmməd-Quliyev, Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifov, Milli Məclis Sədrinin Müavini və Milli Məclisin iki Komitəsinin sədrləri, eləcə də bir sıra yüksək rütbəli dövlət rəsmiləri, o cümlədən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin İdarəsindən nümayəndələrlə görüşüb. Səfir həmçinin vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşüb.