DTİHB Azərbaycanda seçki müşahidə missiyasına başlayır
1 Avqust 2024-cü il tarixində – Bakıda, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) milli dövlət orqanlarının rəsmi dəvəti əsasında sentyabrın 1-də Azərbaycanda keçiriləcək Milli Məclisə növbədənkənar seçkiləri müşahidə etmək məqsədi ilə seçki müşahidə missiyasına başlayır.
Missiyaya Ditmir Buşati başçılıq edir və missiya Bakıda 11 ekspertdən ibarət əsas heyət və 8 avqustdan etibarən ölkə üzrə təhkim ediləcək 28 uzunmüddətli müşahidəçilərdən ibarətdir. DTİHB həmçinin seçki gününə bir neçə gün qalmış 280 qısamüddətli müşahidəçinin gəlməsini nəzərdə tutmuşdur.
Missiya seçkinin keçirilməsinin ATƏT-in müvafiq öhdəlikləri, demokratik seçkilərlə bağlı digər beynəlxalq öhdəlik və standartlar, eləcə də milli qanunvericilik ilə uyğunluğunu qiymətləndirəcək.
Müşahidəçilər seçki kampaniyasının bütün əsas aspektlərini yaxından izləyəcəklər. Bura kampaniyanın aparılması, o cümlədən sosial şəbəkələrdə kampaniyanın aparılması, bütün səviyyələrdə seçki administrasiyasının işi, seçki ilə bağlı qanunvericilik və onun icrası, fundamental azadlıqlara hörmət, seçkinin mediada işıqlandırılması və seçki mübahisələrinin həlli daxildir. Müşahidəçilər DTİHB-nin seçkilərlə bağlı əvvəlki tövsiyələrinin icra vəziyyətini də qiymətləndirəcəklər.
Dövlət orqanları və siyasi partiyalar, vətəndaş cəmiyyəti, media və beynəlxalq qurumların nümayəndələri ilə görüşlər müşahidə missiyasının tərkib hissəsini təşkil edir.
Seçkidən bir gün sonra mətbuat konfransı zamanı ilkin nəticələri əks etdirən bəyanat təqdim olunacaq. Bütün seçki prosesinin qiymətləndirilməsini əks etdirən və tövsiyələrin də yer aldığı yekun hesabat seçkidən bir neçə ay sonra dərc olunacaq.
DTİHB-nin ölkədə seçki müşahidəsi fəaliyyətləri haqqında əlavə məlumat əldə etmək üçün:
https://www.osce.org/odihr/elections/azerbaijan
Media üçün əlaqə:
Kira Kalinina, Media Analitiki: kira.kalinina@odihr.az, və ya +994 55 220 72 36
Katya Andrusz, DTİHB Sözcüsü: +48 609 522 266 (Varşava əlaqə nömrəsi) və ya katya.andrusz@odihr.pl.