Azərbaycanda Milli Məclisə qismən təkrar seçkilər seçki islahatlarına olan ehtiyacın davam etdiyini göstərir
VARŞAVA/BAKI, 15 may 2006 – Azərbaycan Respublikasında mayın 13-də keçirilmiş qismən təkrar parlament seçkiləri, prosesin bəzi aspektlərində irəliləyişin olduğunu göstərsə də, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Məhdud Seçki Müşahidə Missiyası (MSMM) davamlı seçki islahatlarına ehtiyacın olduğunu göstərən narahatedici məqamların davam etdiyini aşkar etmişdir.
ATƏT-in DTİHB-nun missiyası 13 may 2006-cı ildə 125 parlament dairəsindən 10-da keçirilən təkrar seçkiləri izləmişdir. Səfir Qert Arensin başçılıq etdiyi missiya aprelin 20-də yaradılmışdır və altı seçki eksperti və yeddi uzunmüddətli müşahidəçidən ibarətdir. ATƏT-in DTİHB-nun 2005-ci il noyabrın 6-da keçirilmiş parlament seçkilərini izləyən bütöv Seçki Müşahidə Missiyası kimi MSMM da öz diqqətini seçkiqabağı kampaniya mühiti, seçki administrasiyasının işi və şikayət və ərizələrə baxılması proseduru üzərində cəmləşdirmişdir.
Seçki günü ATƏT-in DTİHB-nun MSMM əlavə qısamüddətli müşahidəçilər cəlb etməmişdir. Missiya məhdud sayda seçki məntəqələrində səsvermə prosedurlarını və səslərin sayılmasını müşahidə etmişdir. Missiya həmçinin altı dairədə nəticələrin protokollaşdırılmasını da müşahidə etmişdir. ATƏT-in Parlament Assambleyası seçki gününü müşahidə etmək üçün cənab Coao Soaresin başçılığı ilə kiçik bir nümayəndə heyəti göndərmişdir.
ATƏT-in DTİHB-nun missiyası aşkar etmişdir ki, təkrar seçkilərdə bütün namizədlərin qeydə alınması, maneəsiz geniş kampaniyaların olması və yerli müşahidəçilərin iştirakı üçün imkanların artırılması kimi bəzi irəliləyişlər müşahidə olunsa da, bir neçə narahatedici məsələ də mövcuddur. Bu məsələlərə seçki komissiyalarının tərkibi, yerli səlahiyyətli şəxslərin seçki prosesinə müdaxiləsi halları və seçki komissiyaları və məhkəmələr tərəfindən şikayət və ərizələrə baxılması daxildir.
Missiya səsvermənin keçirilməsində, səslərin sayılması və protokollaşdırılması proseslərində bir sıra qanun pozuntularını qeyd etmişdir, lakin Mərkəzi Seçki Komissiyası daha artıq şəffaflığa doğru bir addım ataraq seçkilərdən sonrakı səhər seçki məntəqələri üzrə nəticələrin protokollarını öz internet səhifəsində yerləşdirmişdir.
Ümumiyyəylə ATƏT-in DTİHB-nun parlament seçkiləri barədə araşdırması onun 2006-cı il fevralın 1-də açıqladığı Yekun Hesabatında öz əksini tapmışdır. Yekun Hesabatda qeyd olunur ki, parlament seçkiləri ATƏT-in bir sıra öhdəliklərinə və demokratik seçkilərə dair digər beynəlxalq standartlara cavab verməmişdir. Hesabat Azərbaycan Respublikasında seçki davranışının təkmilləşdirilməsi üçün bir sıra tövsiyyələr irəli sürür.
Qismən təkrar seçkilərin məhdud müşahidəsinin tapıntıları ATƏT-in DTİHB-nun Yekun Hesabatına Əlavəyə daxil ediləcəkdir ki, bu da seçki prosesinin yekunlaşmasından təxminən dörd həftə sonra açıqlanacaq. ATƏT-in DTİHB-nun Azərbaycanın səlahiyyətli şəxslərinin və vətəndaş cəmiyyətinin ATƏT öhdəliklərinə cavab verən seçki keçirmək cəhdlərini dəstəkləməyə hazır olmaqda və onlarla, xüsusən də Yekun Hesabatda əksini tapmış tövsiyyələrlə bağlı əməkdaşlığı saxlamaqda davam edir.
Bu bəyantın İngilis dilində olan variantı yeganə rəsmi sənəddir.