ATƏT-in Ofisi cəmiyyət dəstəkli polis işini təşviq edir
BAKI, 9 iyun 2011 – ATƏT-in Bakı Ofisinin təşkil etdiyi cəmiyyət dəstəkli polis işinə dair ikigünlük beynəlxalq konfrans Azərbaycanın yüksək rütbəli polis məmurları ilə yanaşı hökumət nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri və beynəlxalq ekspertləri bir araya gətirib.
ATƏT-in Bakı Ofisi beş il əvvəl başladığı bu layihə çərçivəsində Daxili İşlər Nazirliyi ilə sıx əməkdaşlıq edərək, Azərbaycanda cəmiyyət dəstəkli polis işini və polislə cəmiyyət arasında tərəfdaşlığın digər formalarını inkişaf etdirməyə çalışıb.
ATƏT-in Bakı Ofisinin rəhbəri, Səfir Bilge Cankorel: “Bu layihənin icrası nəticəsində polislə ictimaiyyət arasındakı ünsiyyətdə nəzərəçarpacaq inkişaf müşahidə olunub. Bu da öz növbəsində, daha yaxşı əməkdaşlıq və qarşılıqlı etimadın yaranması ilə nəticələnir.”
“Biz həmçinin polis xidmətində qadınların sayının artırılması, eləcə də məişət zorakılığı və insan alveri kimi gender-yönümlü qanun pozuntularına polisin daha səmərəli müdaxiləsini təkmilləşdirmək üçün müəyyən strategiyalar üzərində birgə çalışırıq.”
ATƏT Katibliyinin Strateji Polis Məsələləri Bölməsi (ingiliscə - the OSCE Secretariat’s Strategic Police Matters Unit) bugünkü konfrans zamanı Azərbaycanda icra olunan cəmiyyət dəstəkli polis işi layihəsinə dair hazırladığı qiymətləndirmə hesabatını təqdim edəcək.
Həmin hesabatda cəmiyyət dəstəkli polis işində polis məmurlarının səriştəsinin daha da təkmilləşdirilməsinə dair tövsiyələr öz əksini tapıb. Sənəddə həmçinin cəmiyyət dəstəkli polis işini təşviq etmək üçün polis strukturlarının təkmilləşdirilməsi məsələsinə də diqqət ayrılır və polislə cəmiyyət arasında qarşılıqlı əlaqələr üçün yeni imkanların yaradılması təklif olunur.