ATƏT Azərbaycanda diffamasiyanın dekriminallaşdırılmasını təşviq edir
BAKI, 11 may 2011-ci il – ATƏT-in Bakı Ofisi və Azərbaycan Mətbuat Şurasının qanunvericilik islahatı vasitəsilə diffamasiyanın dekriminallaşdırılması mövzusunda təşkil etdiyi konfrans öz işinə başlayıb. Konfransda hökumət, parlament, vətəndaş cəmiyyəti nümayəndələri və media mənsubları ifadə azadlığı və media azadlığının qorunmasında diffamasiyanın dekriminallaşdırılmasının vacibliyini müzakirə edəcək.
ATƏT-in Mətbuat Azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç konfrans iştirakçılarına müraciətində deyib: “Mən Azərbaycanın icra qurumlarının diffamasiyanı dekriminnalşdırmaq və artıq bu vacib addımı atmış ATƏT-in iştirakçısı olan dövlətlərə qoşulmaq təşəbbüsünü yüksək qiymətləndirirəm.”
“Cinayət təqibi siyasətçilər və yaxud ictimai xadim haqqında fikirlərin ifadə edilməsinə görə deyil, cinayət əməlləri üçün nəzərdə tutulmalıdır. Diffamasiya və yaxud böhtan məhkəmədə cinayət işi kimi deyil, mülki iş kimi baxılmalıdır.”
ATƏT-in Bakı Ofisinin rəhbəri səfir Bilge Cankorel: “İfadə azadlığı və media azadlığı ATƏT-in təməl prinsiplərindən ikisidir. Bu məqsədlə də Azərbaycanda diffamasiyanın dekriminallaşdırılması hər zaman ATƏT-in Bakı Ofisinin əsas prioritetlərdən biri olmuş və bu gün biz həmin məqsədə nail olmaq üçün Azərbaycan Mətbuat Şurasının müvafiq qanunvericilik təşəbbüsünə dəstək verməkdən məmnunuq.”
2010-cu ildə, Azərbaycan Mətbuat Şurası ölkədə medianın özünütənzimləməsi mexanizmlərinin təkmilləşdirilməsinə köməklik göstərmək üçün ATƏT-in Bakı Ofisinə müraciət edib. ATƏT-in tövsiyələrinə uyğun olaraq, peşəkar jurnalistikada etik davranış qaydalarının dair aydın istiqamətlərini təmin etmək üçün Mətbuat Şurası Jurnalistlərin Etik Davranış Qaydalarına düzəlişlər edib.
Tədbirdə yerli və beynəlxalq jurnalistlər diffamasiya haqqında beynəlxalq standartlar, ölkə qanunvericiliyi və jurnalistləri qorumaq üçün effektiv tədbirlər haqqında təqdimatlarla çıxış edəcək.