ATƏT-in Bakı Ofisi insan alverinə qarşı mübarizəyə dair praktik seminar keçirir
GƏNCƏ, Azərbaycan, 18 aprel 2011-ci il – Gəncə şəhərində ATƏT-in Bakı Ofisinin təşkilatçılığı ilə regionlardakı dövlət qurumları üçün insan alverinə qarşı mübarizə üzrə milli fəaliyyət planı mövzusunda iki günlük praktik seminar başlanıb.
Tədbir Beynəlxalq Miqrasiya Təşkilatı və Azərbaycan Daxili İşlər Nazirliyi ilə birgə təşkil olunub. Praktik seminarın məqsədi regionlardakı hüquq-mühafizə orqanları və digər təşkilatların insan alverinə qarşı mübarizənin çətinliklərinə diqqətini artırmaqdan və ön sırada xidmət edən polis işçilərinin insan alverinə qarşı mübarizədəki rolunu düzgün təşkil etməkdən ibarətdir.
ATƏT-in Bakı Ofisinin siyasi-hərbi şöbəsinin rəhbəri Con MakQreqor deyib: “İnsan alveri problemi getdikcə artır və ona qarşı daha hərtərəfli və əlaqəli cavab tədbirlərinin görülməsi tələb olunur. Buraya insan alverinin qarşısının alınması, qurbanların müdafiəsi və bu cinayəti törədən və onların himayədarlarının məhkəmə təqibi daxildir. Biz ümid edirik ki, bu praktik seminar qurbanların müəyyən edilməsi və insan alveri və məcburi əmək cinayətlərinin daha effektiv təhqiqatı və məhkəmə təqibində dövlətin apardığı işlərə bir töhfə verəcək”.
Praktik seminar ATƏT Katibliyinin strateji polis məsələləri şöbəsinin ekspertləri, Macarıstan Milli Təhqiqatlar Bürosunun, həmçinin ATƏT-in Bakı Ofisi, Beynəlxalq Miqrasiya Təşkilatı və Azərbaycan Daxili İşlər Nazirliyinin insan alverinə qarşı mübarizə idarəsinin nümayəndələri tərəfindən keçiriləcək.
Ofis ölkənin daha beş rayonunda və Azərbaycanın Naxçıvan Muxtar Respublikasında eyni mövzuda praktik seminarlar keçirəcək.