ATƏT ofisi Azərbaycanda mülkiyyət hüquqlarına dair müzakirələr təşkil edir
BAKI, 9 aprel 2011-ci il - Bu gün ATƏT-in dəstəyi ilə Azərbaycanda mülkiyyət hüquqları mövzusunda dəyirmi masa müzakirələri başlanıb. Müzakirələr zamanı əsas diqqət mülkiyyətin qeydiyyata alınması, mülkiyyətin dövlət ehtiyacları üçün özgəninkiləşdirilməsi və həmçinin mülkiyyətlə bağlı digər məsələlərə yönələcək. Bu tədbir ATƏT ilə Azərbaycan Hüquqşünasları Konfederasiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin əməkdaşlığı ilə təşkil olunub.
Tədbiri giriş sözü ilə açan ATƏT-in Bakı Ofisi rəhbərinin müavini Melissa Stoun deyib: “Bu gün keçirilən dəyirmi masa mülkiyyət hüquqlarının müdafiəsi sahəsində daha da inkişaf etdirilə biləcək istiqamətlərin müəyyən edilməsi məqsədilə Ofisimizin Azərbaycanda müvafiq dövlət qurumları və vətəndaş cəmiyyəti ilə apardığı müzakirələrin bir hissəsidir”.
Bu görüş hökumət, parlament, dövlətlərarası təşkilatların nümayəndələri və həmçinin hakimlər, Ombudsman, Vəkillər Kollegiyasının üzvləri və mülkiyyət hüquqları sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirib. Onlar mövcud qanunvericiliyin təkmilləşdirilə biləcək hissələrini və həmçinin, məhkəmə çəkişmələri də daxil olmaqla, bu sahədə hüquqi mübahisələrin həlli üçün mövcud olan müxtəlif bərpa vasitələrini nəzərdən keçirəcək. İştirakçılar həmçinin Almaniya və Gürcüstan təcrübəsinə də müraciət edəcək.
Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədri, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli deyib: “Qanunvericiliyin inkişafı sahəsində aparılan islahatlar dinamik bir prosesdir və bu islahatlar prosesi Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq Konvensiyalara uyğun olaraq aparılır. Eyni zamanda qanunların tətbiqi sahəsində meydana gələn problemlər, məhkəmə təcrübəsi, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi öyrənilərək qanunvericiliyin təkmilləşdirilməsi istiqamətindəki fəaliyyətə əlavə olunur”.
ATƏT-in Bakı Ofisi 2008-ci ildə “Azərbaycan Respublikasında Daşınmaz Əmlak” adlı monitorinq hesabatının hazırlanmasına dəstək verib. Dəyirmi masa müzakirələri zamanı istinad ediləcək bu hesabatda mülkiyyət hüquqları sahəsində qanunvericilik, o cümlədən ölkə konstitusiyası tərəfindən verilən zəmanətlər haqqında ümumi məlumat verilir.