ATƏT-in Layihə Əlaqələndiricisi beynəlxalq təşkilatları mötədillik səsləri, dialoqun təşviqi və inamın bərpa olunması istiqamətində səyləri birləşdirməyə çağırır
“Mədəniyyətlərarası dialoq millətlərin bir-birini dərindən anlaması ilə yanaşı, münaşiqələrin qarşısının alınması və səngidilməsi, ictimai və siyasi müzakirələr zamanı xürafat və stereotiplərlə mübarizə aparmağa şərait yaratmalıdır” ATƏT-in Bakı Layihə Əlaqələndiricisi, səfir Aleksis Şahtaxtinski 18-19 May 2015-ci ildə Bakıda keçirilən Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı qeyd edib.
Səfir Şahtaxtinski mədəniyyətlər və sivilizasiyalar arasında inamın və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, eləcə də ümumi qlobal gündəliyin formalaşdırılmasında hokumətlər və beynəlxalq qurumların vəzifələrinə həsr olunan Ümumi Təhlükəsizlik naminə Mədəniyyət Mübadiləsi mövzusunda keçirilən plenar sessiyada çıxış edib.
Səfir əlavə edib ki, “çox zaman zorakı ekstremizm və radikalizm ilə bağlı olan və terrorizmə yol açan anti-semitizm və xristianofobiyanın artması, habelə ksenofobiya, islamafobiya və qatı sağçılığın genişlənməsi ATƏT regionunda bir çox cəmiyyətlər üçün dağıdıcı potensiala malikdir.”
Layihə Əlaqələndiricisi inanır ki, beynəlxalq təşkilatlar mötədillik səsləri, dialoqun təşviqi və inamın bərpa olunması istiqamətində öz səylərini birləşdirməlidir. “Bu cür forumlarda iştirak, buna nail olmağın yollarından biridir və mən bu təşəbbüsə görə, Azərbaycan Hökumətinə təşəkkür edirəm.
Sonda, Səfir Şahtaxtinski bildirib ki, təhlükəsizlik və əməkdaşlıq sahəsində çoxtərəfli yanaşmaya malik ATƏT bu problemləri həll etmək üçün tam təchiz olunub və iştirakçı ölkələrin bir-birinin təcrübəsindən öyrənməsi üçün platformanı təmin edə bilər.