ATƏT-in Ofisi araşdırma jurnalistikasına dair təlim keçirir
Azərbaycanın media təmsilçiləri üçün araşdırma jurnalistikasına dair təlim layihəsinin davamı olaraq, ATƏT-in Bakı Ofisi jurnalistlər üçün üçüncü təlim kursu təşkil edib. 26-27 sentyabr tarixlərində Quba şəhərində təşkil olunmuş təlimin əsas mövzusu insan alveri və məcburi əmək hallarına həsr olunub.
Təlim sessiyasının məqsədi jurnalistlərin insan alveri qurbanları və şahidlərindən müsahibə götürmək bacarıqlarını təkmilləşdirməkdir. İştirakçılar həmçinin insan alveri hallarının araşdırılması zamanı öz təhlükəsizliklərini qorumağın yolları haqqında məlumat əldə edib. Bununla yanaşı, jurnalistlər insan hüquqları, insan alveri və məcburi əmək sahəsində müvafiq yerli və beynəlxalq hüquqi sənədlərdən istifadə yolları haqqında da biliklərə yiyələnib.
Təlim zamanı Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Idarəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən Qurbanlara Yardım Mərkəsi və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair mövcud təcrübə haqqında məlumat verib. Onlar həmçinin bu sahədə yeni media vasitələrinin istifadəsi, eləcə də yeni media mühitində obyektivlik, qərəzsizlik və dəqiqlik kimi jurnalist prinsiplərinə sadiq qalmağın yollarını müzakirə edib.