ATƏT Azərbaycanın rayonlarında məişət zorakılığının qarşısını almağa kömək edir
MASALLI, Azərbaycan, 5 avqust 2011 – Bu gün, ATƏT-in Bakı Ofisi və Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi məişət zorakılığının qarşısının alınmasında yerli icmaların roluna həsr olunmuş dəyirmi masa keçirilib. Tədbir Masallı rayonunda təşkil olunub və ətraf rayonlardan olan nümayəndələr də müzakirələrdə iştirak edib.
Dəyirmi masanın məqsədi ötən il qəbul olunmuş Məişət Zorakılığının Qarşısının Alınması Haqqında Qanun barədə insanları məlumatlandırmaq və yerli səviyyədə məişət zorakılığı sahəsində çalışan qurumlar arasında əlaqə və əməkdaşlıq yaratmaqdır. Müzakirələrdə iştirak edən yerli hökumət orqanları, polis, sosial xidmət, hüquq icmaları və vətəndaş cəmiyyətini təmsil edən nümayəndələr qanunun icrası istiqamətində özlərinin rolu haqqında fikir mübadiləsi aparıb.
ATƏT-in Bakı Ofisinin rəhbər əvəzi Melissa Stoun: “ATƏT-in Bakı Ofisinin məqsədi yeni qəbul olunmuş Məişət Zorakılığının Qarşısının Alınması Haqqında Qanunun ölkənin bütün rayonlarında icra olunması işində Azərbaycan hökumətini dəstəkləməkdir.”
“Bu qanunun qəbulu çox müsbət haldır və bu münasibətlə mən, Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsini təbrik etmək istərdim. Lakin, biz hamımız razılaşırıq ki, istənilən qanunun əsl dəyəri onun icrasında və vətəndaşların həyat səviyyəsinin təkmilləşdirilməsinə verdiyi tövhədədir,” Stoun əlavə edib.
Bu günkü dəyirmi masaya əlavə olaraq, 2011-ci ildə ATƏT-in Bakı Ofisi və Dövlət Komitəsi Göygöl və Sabirabad rayonlarında daha iki tədbir keçirməyi planlaşdırır.